Azerconnect Group
KSM Fəaliyyətlər
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Azerconnect şirkətinin dəstəyi ilə 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün “Cyber Summer School - 2023” (CSS) beynəlxalq yay məktəbi təşkil olunub.
Artıq üçüncü ildir ki, baş tutan yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlər, texnoloji turlar, habelə bu sahədə bilik yarışı keçirilib.
Bu ilin 24-29 iyul tarixlərində baş tutmuş “Cyber Summer School - 2023” yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan ümumilikdə 125 iştirakçı cəlb edilib.
Yay məktəbinin bağlanış tədbirində bilik yarışının qalibi olan komandalar Azerconnect və digər təşkilatlar tərəfindən mükafatlandırılıb, iştirakçılara sertifikatlar təqdim olunub.
2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsi, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.
Azerconnect şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxildir.
Azerconnect şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə 5 milyon türk lirəsi yardım edib.
Dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) edilib.
Bu dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldıracağına inanırıq!
Azerconnect ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.
Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Azerconnect şirkətinin rəhbər heyətinin ADA Universitetində təhsil alan tələbələrlə görüşü baş tutub.
Tədbirin keçirilməsində məqsəd tələbələrlə şirkətin rəhbər heyəti arasında birbaşa ünsiyyətin qurulması, tələbələrin şirkətin təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, onların fikir və təkliflərinin dinlənilməsi və İKT sahəsində gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.
Çıxış edənlər telekommunikasiya sektorunun gələcəyi, İKT sektorunda müasir tendensiyalar və bu sferada iri işəgötürənlərdən biri olan Azerconnect şirkətində tələbələr üçün nəzərdə tutulan iş və təcrübə imkanları barədə ətraflı məlumat verib, həmçinin gənc qadınların da informasiya texnologiyaları sahəsinə cəlb edilməsi və onlar üçün karyera imkanları barədə danışıblar.
“İnsan resurslarının davamlı inkişafı, şirkətimizə gənc istedadların cəlb edilməsi fəaliyyətimizdə əsas istiqamətlərdəndir. Bu səbəbdən biz ökəmizdə müxtəlif Universitetlərlə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Sürətli rəqəmsallaşma dövründə biz gənc xanımların və qadınların İKT sahəsinə cəlb edilməsi istiqamətində də müxtəlif layihələr icra edir, şirkətimizdə gender bərabərliyinə, inklüzivliyə və təşkilati inkişafa aparan dayanıqlı bir iş mühiti formalaşdırırıq”, deyə Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva bildirib.
Tədbirdə həmçinin Azerconect şirkətinin İnformasiya Texnologiyaları (İT) direktoru Pərviz İsmayılov, İT üzrə tələblərin və keyfiyyətin idarəedilməsi şöbəsinin müdiri Anar Abdullayev, İT Biznes inkişafı üzrə bölmə rəhbəri Kəmalə Adilova, eləcə də AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze çıxış edib, tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Azerconnect şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
17 Oktyabr tarixində ADA Universitetində təhsil alan bir qrup gənc tələbə qızlarla "Azerconnect" şirkətinin nümyəndələrinin görüşü baş tutub. Fokus qrup formatında keçirilmiş görüşdə ADA Universitetində Karyera Xidmətinin rəhbəri Təranə Aslanova, "Azerconnect" şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva, İşçilərin transformasiyası və proqramları üzrə rəhbəri Elnarə Məcidova, İT müştəri və korporativ idarəetmə platformaları üzrə rəhbəri Renata Yusubova və Korporativ kommunikasiya bölməsinin rəhbəri Əlimərdan Sultanov iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd İKT sahəsi üzrə təhsil alan gənc tələbə qızların fikir və təkliflərinin dinlənilməsi, onların İKT sahəsində gələcək karyera inkişafları ilə bağlı müzakirənin aparılması, "Azerconnect" şirkətinin təqdim etdiyi iş və təcrübə imkanlarının tələbələrin diqqətinə çatdırılması olub. Görüşdə tələbələrin "Azerconnect" nümayəndələrinə ünvanladıqları çoxsaylı suallar cavablandırılıb.
Tədbirdə ADA Universitetində riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri ixtisasları üzrə təhsil alan bir qrup tələbə iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İKT bazarında ən böyük işəgötürənlərdən biri olan “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “Azerconnect” şirkətinin Baş direktoru Emil Məsimov imzalayıb.
Memoranduma əsasən, tərəflər arasında Agentliyin fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq qurulacaq, əmək bazarının tələblərinə uyğun işsiz və işaxtaran şəxslərin peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində “Azerconnect“ şirkəti ilə əməkdaşlıq ediləcək.
Sənəddə həmçinin, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması, “Məşğulluq Marafonu” çərçivəsində “Azerconnect” tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstəyin verilməsi və müvafiq fəaliyyətin həyata keçirilməsi, birgə innovativ layihələrin, tədbirlərin, forumların həyata keçirilməsi nəzərdə tutulub.
Memorandumda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması üçün Agentlik tərəfindən müxtəlif xarakterli həvəsləndirici tədbirlər, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin fəaliyyətinin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə “Azerconnect” şirkəti tərəfindən əlavə dəstəyin verilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin şirkətdə istehsalat təcrübəsi keçmələri və müvafiq işlə təmin olunmasına şirkət tərəfindən köməklik göstərilməsi öz əksini tapıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azerconnect şirkəti arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi və tədris proqramlarının hazırlanması istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev bildirmişdir ki, “İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası strateji hədəflərdən biridir. Peşə təhsil müəssisələri əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması istiqamətində işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməkdə hər zaman maraqlıdır. Bu istiqamətdə birgə əməkdaşlıq peşə təhsil müəssisələrinin real iş təcrübəsinə əsaslanan kadr hazırlığına dəstək göstərəcək.”
Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov qeyd etmişdir ki, “İKT sahəsində çalışan ən böyük işəgötürənlərdən biri olaraq yerli əmək bazarının fərqli imkanlarının öyrənilməsi və şirkətimizə peşəkar işçi qüvvəsinin cəlb edilməsini daim diqqət mərkəzində saxlayırıq. İnanırıq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə dövlət-özəl əməkdaşlığı formatında qurulan münasibətlərimiz peşə təhsilli vətəndaşlarımızın İKT sektorunda əmək fəaliyyətinə cəlb olunmasına, eləcə də yerli əmək bazarının potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir”.
Qeyd edək ki, artıq əməkdaşlıq çərçivəsində “Ön ofis/satış təmsilçisi”, “İPTV üzrə quraşdırma mütəxəssisi” və “Əlaqə Mərkəzi Operatoru” istiqamətləri üzrə təlimlərin icrasına başlanılıb. Təlimlər ənənəvi və ya hibrid formatda (həm onlayn, həm də ənənəvi) sahə üzrə çalışan mütəxəssislər tərəfindən tədris edilir. Təlimlərin keçirilməsində nəzəri biliklərlə bərabər, praktiki bacarıqların verilməsinə xüsusi önəm verilir.
İl ərzində əmək bazarının dəyişən ehtiyaclarını nəzərə alaraq, bir sıra yeni təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda uzunmüddətli perspektivdə peşə təhsil müəssisələri tərəfindən bu tipli təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.
