17 Oktyabr tarixində ADA Universitetində təhsil alan bir qrup gənc tələbə qızlarla "Azerconnect" şirkətinin nümyəndələrinin görüşü baş tutub. Fokus qrup formatında keçirilmiş görüşdə ADA Universitetində Karyera Xidmətinin rəhbəri Təranə Aslanova, "Azerconnect" şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva, İşçilərin transformasiyası və proqramları üzrə rəhbəri Elnarə Məcidova, İT müştəri və korporativ idarəetmə platformaları üzrə rəhbəri Renata Yusubova və Korporativ kommunikasiya bölməsinin rəhbəri Əlimərdan Sultanov iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd İKT sahəsi üzrə təhsil alan gənc tələbə qızların fikir və təkliflərinin dinlənilməsi, onların İKT sahəsində gələcək karyera inkişafları ilə bağlı müzakirənin aparılması, "Azerconnect" şirkətinin təqdim etdiyi iş və təcrübə imkanlarının tələbələrin diqqətinə çatdırılması olub. Görüşdə tələbələrin "Azerconnect" nümayəndələrinə ünvanladıqları çoxsaylı suallar cavablandırılıb.
Tədbirdə ADA Universitetində riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri ixtisasları üzrə təhsil alan bir qrup tələbə iştirak edib.