Azerconnect Group

Xəbərlər

Azerconnect və AzerTelecom şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb
Azerconnect və AzerTelecom şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

Azerconnect və AzerTelecom şirkətlərinin rəhbər heyətinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan tələbələrlə “Gələcəyin sənin əlindədir” mövzusunda görüşü baş tutub.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq şəraitində təşkil olunmuş tədbirdə Univesitetdə informasiya texnologiyaları istiqaməti üzrə təhsil alan tələbələr iştirak edib.

 

Tələbələrlə şirkətlərin rəhbər heyətinin görüşünün təşkilində məqsəd tələbələrlə geniş fikir mübadiləsinin aparılması, onların ölkəmizdə telekomunikasiya sektorunun gələcəyi, İKT sahəsində müasir tendensiyalarla tanış edilməsi, Azerconnect və AzerTelecom şirkətlərində tələbələr üçün mövcud iş, təcrübə imkanlarının diqqətə çatdırılması və şirkətlərin rəhbərliyi ilə tələbələr arasında birbaşa ünsiyyətin qurulmasıdır.

 

Tədbirdə Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva, İnformasiya texnologiyaları üzrə direktoru Pərviz İsmayılov, eləcə də AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze iştirak ediblər. Spikerlər İKT sahəsində gələcəyin peşələri, İT və telekommunikasiya sektorunun gələcək inkişafı, bu günün və gələcəyin interneti kimi mövzular ətrafında danışıb, tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun İnformasiya texnologiyaları və innovasiyalar üzrə müşaviri Rasim Abdullayevin moderatorluğu ilə keçirilib.

 

Azerconnect şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. AzerTelecom şirkəti isə Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Azerconnect və AzerTelecom müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İKT bazarında ən böyük işəgötürənlərdən biri olan “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

 

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “Azerconnect” şirkətinin Baş direktoru Emil Məsimov imzalayıb.

 

Memoranduma əsasən, tərəflər arasında Agentliyin fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq qurulacaq, əmək bazarının tələblərinə uyğun işsiz və işaxtaran şəxslərin peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində “Azerconnect“ şirkəti ilə əməkdaşlıq ediləcək.

 

Sənəddə həmçinin, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması, “Məşğulluq Marafonu” çərçivəsində “Azerconnect” tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstəyin verilməsi və müvafiq fəaliyyətin həyata keçirilməsi, birgə innovativ layihələrin, tədbirlərin, forumların həyata keçirilməsi nəzərdə tutulub.

 

Memorandumda  sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması üçün Agentlik tərəfindən müxtəlif xarakterli həvəsləndirici tədbirlər, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin fəaliyyətinin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə “Azerconnect” şirkəti tərəfindən əlavə dəstəyin verilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin şirkətdə istehsalat təcrübəsi keçmələri və müvafiq işlə təmin olunmasına şirkət tərəfindən köməklik göstərilməsi öz əksini tapıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azerconnect şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azerconnect şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azerconnect şirkəti arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi və tədris proqramlarının hazırlanması istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev bildirmişdir ki, “İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası strateji hədəflərdən biridir. Peşə təhsil müəssisələri əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması istiqamətində işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməkdə hər zaman maraqlıdır. Bu istiqamətdə birgə əməkdaşlıq peşə təhsil müəssisələrinin real iş təcrübəsinə əsaslanan kadr hazırlığına dəstək göstərəcək.”

 

Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov qeyd etmişdir ki, “İKT sahəsində çalışan ən böyük işəgötürənlərdən biri olaraq yerli əmək bazarının fərqli imkanlarının öyrənilməsi və şirkətimizə peşəkar işçi qüvvəsinin cəlb edilməsini daim diqqət mərkəzində saxlayırıq. İnanırıq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə dövlət-özəl əməkdaşlığı formatında qurulan münasibətlərimiz peşə təhsilli vətəndaşlarımızın İKT sektorunda əmək fəaliyyətinə cəlb olunmasına, eləcə də yerli əmək bazarının potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir”.

 

Qeyd edək ki, artıq əməkdaşlıq çərçivəsində “Ön ofis/satış təmsilçisi”, “İPTV üzrə quraşdırma mütəxəssisi” və “Əlaqə Mərkəzi Operatoru” istiqamətləri üzrə təlimlərin icrasına başlanılıb. Təlimlər ənənəvi və ya hibrid formatda (həm onlayn, həm də ənənəvi) sahə üzrə çalışan mütəxəssislər tərəfindən tədris edilir. Təlimlərin keçirilməsində nəzəri biliklərlə bərabər, praktiki bacarıqların verilməsinə xüsusi önəm verilir.

 

İl ərzində əmək bazarının dəyişən ehtiyaclarını nəzərə alaraq, bir sıra yeni təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda uzunmüddətli perspektivdə peşə təhsil müəssisələri tərəfindən bu tipli təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

"Azerconnect" şirkətinin nümayəndələrinin ADA Universitetində bir qrup tələbə ilə görüşü keçirilib
"Azerconnect" şirkətinin nümayəndələrinin ADA Universitetində bir qrup tələbə ilə görüşü keçirilib

17 Oktyabr tarixində ADA Universitetində təhsil alan bir qrup gənc tələbə qızlarla "Azerconnect" şirkətinin nümyəndələrinin görüşü baş tutub. Fokus qrup formatında keçirilmiş görüşdə ADA Universitetində Karyera Xidmətinin rəhbəri Təranə Aslanova, "Azerconnect" şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva, İşçilərin transformasiyası və proqramları üzrə rəhbəri Elnarə Məcidova, İT müştəri və korporativ idarəetmə platformaları üzrə rəhbəri Renata Yusubova və Korporativ kommunikasiya bölməsinin rəhbəri Əlimərdan Sultanov iştirak ediblər.



Görüşün keçirilməsində məqsəd İKT sahəsi üzrə təhsil alan gənc tələbə qızların fikir və təkliflərinin dinlənilməsi, onların İKT sahəsində gələcək karyera inkişafları ilə bağlı müzakirənin aparılması, "Azerconnect" şirkətinin təqdim etdiyi iş və təcrübə imkanlarının tələbələrin diqqətinə çatdırılması olub. Görüşdə tələbələrin "Azerconnect" nümayəndələrinə ünvanladıqları çoxsaylı suallar cavablandırılıb.



Tədbirdə ADA Universitetində riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri ixtisasları üzrə təhsil alan bir qrup tələbə iştirak edib.

"Azerconnect" arxa ofisin Transformasiyası üçün Oracle Fusion Bulud Tətbiqini seçir
"Azerconnect" arxa ofisin Transformasiyası üçün Oracle Fusion Bulud Tətbiqini seçir

Azərbaycan Respublikasının IT xidmətləri, kommunikasiya və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan "Azerconnect" maliyyə və insan kapitalının idarə olunması üçün Oracle Fusion Bulud tətbiqini seçib. Beləliklə, "Azerconnect" MDB regionunda "Oracle" xidmətini şirkətin fəaliyyətində uğurla tətbiq edən ilk telekommunikasiya şirkəti olub.

 

Şirkətin Oracle Fusion xidmətlərini tətbiq etməkdə əsas məqsədi biznes proseslərinin unifikasiyası və standartlaşdırılması, nəzarət və uyğunluq proseslərinin təkmilləşdirilməsi, arxa ofisin optimallaşdırılması və səmərəlilik  artımının sürətləndirilməsidir.

 

"Azerconnect" artıq Oracle Fusion Cloud Enterprise Resource Planning - ERP (Oracle Fusion Bulud Müəssisə Resurs Planlaması) və Oracle Fusion Cloud Human Capital Management – HCM (Oracle Fusion İnsan Resurslarının İdarəolunması) tətbiqlərindən istifadəyə başlayıb. Yeni həllər sayəsində "Azerconnect" məlumatların təhlili, dövrlərin bağlanması, hesabatların hazırlanması və açıqlanması, yeni əməkdaşların işə qəbulu və təlimlərin keçirilməsi, onların effektivliyinin idarəolunması, qiymətləndirilməsi, motivasiyası kimi gündəlik və rutin əməliyyatların avtomatlaşdırılmasına nail olacaq. Beləliklə, şirkətin əməkdaşları strateji biznes problemlərinin həllinə daha çox vaxt ayıra biləcəkdir.

 

"Azerconnect" şirkətinin Baş direktoru Emil Məsimovun sözlərinə əsasən, “Arxa ofis funksiyalarının transformasiyası bütün dünyada iri telekommunikasiya şirkətləri arasında trendə çevrilib. "Azerconnect" öz müştərilərinə daha rahat və müasir xidmət göstərmək üçün biznesin rəqəmsallaşdırılmasına yönəlik proqramları davamlı olaraq həyata keçirir. Artıq bulud həlli sayəsində xidmətlərlə bağlı bütün mümkün yenilənmələr və dəyişikliklər daha sürətlə baş verəcək və şirkətimiz innovasiya, yeni biliklər və kollektiv təcrübəyə daha sürətli çıxış əldə edəcəkdir”.

 

“Biz Oracle Cloud ERP tətbiqinə inteqrasiya və Oracle Cloud HCM tətbiqinin işə salınması ilə əhəmiyyətli transformasiya layihəsini bir ildən az müddət ərzində həyata keçirdik. Nəticədə İR və maliyyə istiqamətləri daha səmərəli fəaliyyət göstərir və əməkdaşlarımız artıq öz bilik və təcrübələrini biznesin təhlili və inkişaf etdirilməsinə yönəldə bilirlər. Bu yeniliklər hesabına departamentlərimizin əməkdaşları işlərini daha asan və səmərəli  şəkildə icra etməklə yanaşı, əsas diqqəti  təhlilə, maliyyə və İR sahəsində yeni biliklər qazanmağa istiqamətləndirirlər” – deyə "Azerconnect" şirkətinin Baş maliyyə direktoru Orxan Nəcəfov bildirib.

 

"Oracle" şirkətində ECEMEA (Şərqi və Cənubi Afrika, Orta Şərq və Afrika ölkələri) regionu Tətbiqlər üzrə vitse-prezident Waleed Abdel Hamid qeyd edib ki, “Oracle Fusion Cloud ERP və Oracle Fusion Cloud HCM kimi bulud xidmətlərinin tətbiqi "Azerconnect" şirkətinin İT, Maliyyə, Satınalma və İR departamentlərinin işinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Artıq İR və maliyyə sistemləri daha təhlükəsiz vahid məlumat platformasına qoşulub. Beləliklə, "Azerconnect" mütəmadi olaraq ən son, avtomatik yenilənmə funksiyalarından yararlanır”.

 

"Azerconnect" haqqında:

"Azerconnect" şirkəti ölkəmizin davamlı inkişaf etməkdə olan İKT və yüksək texnologiyalar sahəsində ilk B2B şirkətdir. Şirkət "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupu səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

 

"Oracle" haqqında:

"Oracle" kompleks tətbiqlər dəsti ilə yanaşı Oracle Cloud xidmətində təhlükəsiz və avtonom infrastruktur təklif edir. Oracle (NYSE: ORCL) barədə əlavə məlumatı www.oracle.com saytından əldə edə bilərsiniz.

“Azerconnect” şirkətinin İnformasiya və Texnologiyalar üzrə Baş direktoru “Dördüncü Sənaye İnqilabında Trendlər” tədbirində çıxış edib
“Azerconnect” şirkətinin İnformasiya və Texnologiyalar üzrə Baş direktoru “Dördüncü Sənaye İnqilabında Trendlər” tədbirində çıxış edib

Fevralın 23-də Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışına həsr olunmuş “Dördüncü Sənaye İnqilabında Trendlər” mövzusunda tədbir keçirilib.

 

Tədbir çərçivəsində “Azerconnect” şirkətinin İnformasiya və Texnologiyalar üzrə Baş direktoru Özgür Genç “Əşyaların interneti (Əİ) cihazlarının şəbəkəyə çıxışı və əlaqələndirilməsi” adlı panel sessiyasında məruzəçi qismində çıxış edib.

 

Panel sessiyası “Bakcell” MMC-nin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya üzrə direktoru Süheyla Cəfərovanın moderatorluğu ilə baş tutub.

 

Özgür Genç öz çıxışında əşyaların internetinin sənaye və biznes üçün faydaları, bu texnologiyalardan müəssisələrin fəaliyyət istiqamətləri üzrə istifadəsi barədə ətraflı məlumat verib. O, bağlantı xidmətlərinin inkişafının əşyaların internetinin formalaşmasına verdiyi töhfədən danışıb, həmçinin,  GSM şirkətlərinin əşyaların internetinin tətbiqi ilə bağlı biznes sahəsini təmsil edən müştərilərlə əməkdaşlığı kimi məsələlərə toxunub.

 

Panel sessiyasında əşyaların interneti sahəsində ölkəmizdə nəzərdə tutulan tədbirlər və Türkiyə təcrübəsinin tətbiqi barədə müzakirə aparılıb, dinləyiciləri maraqlandıran suallara ətraflı cavab verilib.

 

Tədbir dövlət qurumlarının, Dünya İqtisadi Forumunun, elm və təhsil müəssisələrinin, özəl sektoru təmsil edən iri şirkətlərin nümayəndələri və mütəxəssislərinin iştirakı ilə baş tutub.

 

“Azerconnect” şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif  xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş şirkət beynəlxalq standartlara uyğun müxtəlif İKT xidmətləri təklif edir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

azerconnect logo