Fevralın 23-də Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin rəsmi açılışına həsr olunmuş “Dördüncü Sənaye İnqilabında Trendlər” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində “Azerconnect” şirkətinin İnformasiya və Texnologiyalar üzrə Baş direktoru Özgür Genç “Əşyaların interneti (Əİ) cihazlarının şəbəkəyə çıxışı və əlaqələndirilməsi” adlı panel sessiyasında məruzəçi qismində çıxış edib.
Panel sessiyası “Bakcell” MMC-nin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya üzrə direktoru Süheyla Cəfərovanın moderatorluğu ilə baş tutub.
Özgür Genç öz çıxışında əşyaların internetinin sənaye və biznes üçün faydaları, bu texnologiyalardan müəssisələrin fəaliyyət istiqamətləri üzrə istifadəsi barədə ətraflı məlumat verib. O, bağlantı xidmətlərinin inkişafının əşyaların internetinin formalaşmasına verdiyi töhfədən danışıb, həmçinin, GSM şirkətlərinin əşyaların internetinin tətbiqi ilə bağlı biznes sahəsini təmsil edən müştərilərlə əməkdaşlığı kimi məsələlərə toxunub.
Panel sessiyasında əşyaların interneti sahəsində ölkəmizdə nəzərdə tutulan tədbirlər və Türkiyə təcrübəsinin tətbiqi barədə müzakirə aparılıb, dinləyiciləri maraqlandıran suallara ətraflı cavab verilib.
Tədbir dövlət qurumlarının, Dünya İqtisadi Forumunun, elm və təhsil müəssisələrinin, özəl sektoru təmsil edən iri şirkətlərin nümayəndələri və mütəxəssislərinin iştirakı ilə baş tutub.
“Azerconnect” şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş şirkət beynəlxalq standartlara uyğun müxtəlif İKT xidmətləri təklif edir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.