“Azerconnect” şirkəti ən yaxşı çevik iş rejimi strategiyasına görə “HR Awards 2022” mükafatına layiq görülüb

news image

Azərbaycanın dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkət olan “Azerconnect” şirkəti “Baku International HR Forum”da “HR Awards 2022” mükafatına layiq görülüb.

 

“Azərbaycan İnsan Resursları İnstitutunun” təşkilatçılığı ilə 28 yanvar tarixində ölkəmizdə ilk dəfə keçirilmiş “Baku International HR Forum” insan resursları sahəsində tanınmış yerli və xarici ekspertləri, dövlət və özəl sektor üzrə ən peşəkar nümayəndələri bir araya gətirib.

 

Forum çərçivəsində “Azerconnect” şirkətinin İnsan resursları üzrə baş direktoru Mətanət Babayeva “Gələcək İnnovasiyalar” plenar sessiyasında əsas spiker qismində çıxış edib. O ölkənin İKT sektorunda ən böyük işəgötürənlərdən biri olan “Azerconnect” şirkətində İnsan resurslarının idarəolunması sahəsində icra olunan strategiyadan, xüsusilə İR sahəsində məlumatların emalı, istifadəsi və düzgün idarə olunmasından danışıb.

 

“Məlumatların təhlili - data analitikası qarşımızda böyük imkanlar açır. Bu, telekommunikasiya sektorunda şirkətlərin əməkdaşlara, müştərilərə və cəmiyyətə yönəlik daha çevik yanaşma sərgiləməsinə, məhsul və xidmətlər yaratmasına imkanı verir. Rəqəmsal transformasiya dövründə biz İR sahəsində məlumatları düzgün təhlil edərək onu məhz şirkətin və əməkdaşların inkişafında əlavə dəyərə çevirmək, daha uğurlu iş modeli qurmaq istiqamətində çalışır, innovativ texnoloji həllər tətbiq edirik. COVİD-19 pandemiyası başlayan zaman çox qısa müddətdə məhz datanın səmərəli təhlili ilə biz “FLEXcellence” proqramını tətbiq edərək hibrid iş rejiminə keçdik, ki bu da pandemiya şəraitində fəaliyyətimizi optimallaşdırmağa imkan verdi” - deyə Mətanət Babayeva bildirib.

 

Forum çərçivəsində Azərbaycanda ilk dəfə baş tutmuş “HR Awards 2022” mükafatlandırma mərasimində “Azerconnect” şirkəti “Ən yaxşı çevik iş rejimi strategiyası” nominasiyası üzrə bu mükafata layiq görülüb. Bu nominasiya üzrə şirkət ölkəmizdə ilk dəfə dəfə böyük işçi heyəti üçün məsafədən (distant) iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ çevik iş strategiyası olan “FLEXcellence” proqramını təqdim edib. Proqram şirkətə fəaliyyətini uğurlu beynəlxalq təcrübəyə uyğun innovativ həllərin tətbiqi ilə optimallaşdırmaq, hibrid iş modeli (həm məsafədən, həm də ofisdən) tətbiq etmək və COVID-19 pandemiyasının yaratdığı yeni normallıqlar şəraitində daha təhlükəsiz əmək şəraitini təmin etmək imkanı verib.\

 

“Azerconnect” şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif  xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş şirkət beynəlxalq standartlara uyğun müxtəlif İKT xidmətləri təklif edir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

azerconnect logo