Azerconnect şirkəti CIDC-2023 tədbirini dəstəklədi

image

Azerconnect şirkəti oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində Azərbaycanda ilk dəfə baş tutmuş “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) kiberfestivalını dəstəkləyib.

 


Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilmiş kiberfestival dövlət və özəl qurumlar, kritik infrastrukturlar, müxtəlif sektorlar üzrə əməkdaşların İT üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmə və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.

 


Dövlət və özəl sektorda müxtəlif qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş açılış mərasimində Azerconnect şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov çıxış edib. “Qlobal informasiya mühitinin bir-birinə daha çox bağlı və mürəkkəbləşdiyi şəraitdə milli rəqəmsal resursların və informasiya sistemlərinin mühafizəsi kritik əhəmiyyətli məsələyə çevrilir. Azərbaycanda İKT sahəsində iri işəgötürənlərdən biri olaraq biz öz növbəmizdə bu sahənin inkişafına öz töhfəmizi verərək fəal əməkdaşlığa hazırıq və bu səbədən bugünkü tədbirə böyük maraqla qoşulmuşuq”- deyə Azerconnect şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov qeyd edib.

 


“CIDC-2023” tədbiri çərçivəsində Dövlət Dövlətov həmçinin "Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?" mövzusunda keçirilən panel müzakirəsində spiker qismində də iştirak edib. Dövlər Dövlətov Azerconnect şirkəti tərəfindən telekommunikasiya sektorunda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə atılan addımları barədə danışıb. 

 


“CIDC-2023” tədbirinin bağlanış mərasimində tərəfdaşlar və sponsorlara sertifikatlar təqdim olunub. Qeyd edək ki, Azerconnect şirkəti CIDC-2023 tədbirini Brilyant sponsor qismində dəstəkləyib.

 


Qeyd edək ki, tədbirdə Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual kibermüharibə yarışı da keçirilib.

 


Azerconnect müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.  
 

azerconnect logo