Ölkəmizin davamlı olaraq inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sahəsində ilk B2B şirkət olaraq fəaliyyət göstərən “Azerconnect” şirkəti Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilat olan “Caspian Energy Club”a Qızıl statusla üzvlüyə qəbul olunub.
Qeyd edək ki, Caspian Energy Club Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri ərazisində ən müxtəlif sahələrdə çalışan şirkətləri birləşdirən, daim faydalı fikir mübadiləsinin aparıldığı nüfuzlu biznes platformadır. Azerconnect şirkəti də bu təşkilat çərçivəsində əməkdaşlığa öz dəstəyini göstərəcəkdir.
“Ölkəmizin İKT sektorunda böyük şirkətlərdən olan Azerconnect şirkətini təşkilatımızın sıralarında görməkdən məmnunuq. İnanırıq ki, qarşılıqlı faydalı əməkdaşlığımız həm təşkilatımızın, həm də şirkətin inkişafına öz töhfəsini verəcəkdir” – deyə Caspian Energy Clubun sədri və baş icraçı direktoru Telman Əliyev qeyd edib.
Caspian Energy Club barədə: Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (rəsmi adla yanaşı dünyanın müxtəlif ölkələrində Caspian Business Club, Caspian European Club və CEIBC abbreviaturasından da istifadə olunur) 2002-ci ilin iyununda yaradılıb. Təşkilatın əsas məqsədləri sırasında üzv şirkətlərin Xəzər-Qara dəniz və Baltik regionunda və onun hüdudlarından kənarda xidmət və mallarının lobbiləşdirilməsi, əlverişli investisiya və biznes mühitinin yaradılmasına kömək edən layihələrin irəli çəkilməsi, iqtisadiyyatın bütün sahələrində rəqəmsal iqtisadiyyatın, innovasiya və ekoloji cəhətdən təmiz texnologiyanın tətbiqinin lobbiləşdirilməsi, həmçinin kiçik və orta bizneslə iri biznes nümayəndələri arasında dialoqun yaradılması vardır.
Azerconnect barədə: “Azerconnect” MMC Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. Şirkət 2013-cü ildə təsis edilib və İKT bazarında korporativ müştəriləri beynəlxalq standartlara uyğun olaraq fərqli xidmətlərlə təmin edir.