“Azerconnect” şirkətinin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib

news image

“Azerconnect” şirkətinin 44 gün davam etmiş Vətən Müharibəsində iştirak edən 16 əməkdaşı ilə görüş keçirilib.

 

Görüşdə çıxış edən “Azerconnect” şirkətinin Baş icraçı direktoru Emil Məsimov Vətən Müharibəsi iştirakçıları olan əməkdaşlara onların göstərdiyi şücaətə və qəhrəmanlığa görə təşəkkür edib. Emil Məsimov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatmış bu hərbi əməliyyatlar nəticəsində erməni işğalı altında olan torpaqlarımızın azad olunduğunu və 30 illik həsrətin bitdiyini qeyd edib.

 

O hərbi əməliyyatların başladığı ilk günlərdən ölkəmizin rabitə və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən “Azerconnect” şirkətinin əməkdaşlarının da bu əməliyyatlarda iştirak etdiyini, göstərdikləri igidlik və şücaətə görə müxtəlif medallarla təltif olunduqlarını vurğulayıb, şirkətin kollektivinin onlarla qürur duyduqlarını bildirib.

 

Çıxış edən Vətən Müharibəsi iştirakçıları hərbi əməliyyatlar dövründə keçdikləri döyüş yolu bardə məlumat verərək onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər. 

 

Tədbirin sonunda Vətən Müharibəsi iştirakçılarına Təşəkkürnamələr və Fəxri Fərmanlar təqdim edilib.

 

“Azerconnect” MMC Azərbaycan Respublikasının dinamik şəkildə inkişaf edən informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. Şirkət 2013-cü ildə təsis edilib və İKT bazarında korporativ müştəriləri beynəlxalq standartlara uyğun olaraq fərqli xidmətlərlə təmin edir.

azerconnect logo