Azerconnect şirkəti ADA Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilmiş karyera həftəsində (‘Employability Week’) iştirak edib. Tədbir çərçivəsində şirkətin rəhbər şəxsləri sessiyalar zamanı tələbələr qarşısında müxtəlif mövzularda çıxış ediblər.
16 aprel - 2 may tarixlərində təşkil olunmuş karyera həftəsinin məqsədi tələbələri mövcud karyera trendləri ilə tanış etmək, akademik həyatdan peşəkar həyata keçid etməyin uğurlu yolunu göstərmək, həmçinin aktual vakansiyalar barəsində məlumatlandırmaq olub.
Sessiyalarda Azerconnect şirkətinin rəhbər şəxsləri və əməkdaşları ADA Universitetinin tələbələrinə emosional zəkanın rolu, telekommunikasiya sahəsi haqqında əsas anlayışları təqdim edib, şəxsi brendinq və rəqəmsal şəbəkələşmə, sahibkarlıq və innovasiya, uğur və iş etikası üçün bacarıqların artırılması və digər mövzularda çıxışlar ediblər.
Karyera həftəsinin bağlanış mərasimində sessiyalar zamanı xüsusi seçim prosesindən keçmiş altı tələbə ixtisasına uyğun Azerconnect şirkəti daxilində təcrübə proqramında iştirak imkanı qazanıblar.
Bu il baş tutan karyera həftəsində ADA Universitetindən 500 nəfərə yaxın tələbə, eləcə də dövlət və özəl sektoru təmsil edən 20 qurum iştirak edib. Tədbirin bağlanış mərasimində tələbərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.
Azerconnect Azərbaycanın dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business) şirkətdir. Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.