Azerconnect Group və NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Azərbaycanın İKT şirkəti Azerconnect Group və ABŞ-nin texnologiya şirkəti NVIDIA arasında GeForce NOW tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilə Azerconnect Group-un baş direktoru Emil Məsimov və NVIDIA-nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-nin San-Xose şəhərində keçirilən görüşdə imzalanıb.
“NVIDIA ilə tərəfdaşlıq çərçivəsində GeForce NOW platformasını Azərbaycana gətirməkdən məmnunuq. Bu addım Azerconnect Group-un ağıllı rəqəmsal xidmətlər portfelini genişləndirmək öhdəliyinə sadiqliyini göstərir”, - deyə Azerconnect Group-un baş direktoru Emil Məsimov bildirib.
NVIDIA-nın bulud üzərindən oyun texnologiyası olan GeForce NOW güclü RTX qrafik prosessorları vasitəsilə müxtəlif cihazlarda 120 FPS ( saniyədə 120 kadradək) və 4K keyfiyyətində oyun təcrübəsi təqdim edir. Xidmət hazırda 2,000-dən çox oyunu dəstəkləyir və bir platformada Game Pass oyunları da daxil olmaqla Epic Games, Steam, Ubisoft və Xbox kimi oyun kitabxanalarına qoşulma imkanı verir. GeForce NOW xidməti sayəsində Azərbaycanda minimal gecikmə ilə bulud oyun təcrübəsi təqdim ediləcək və bu da oyunçulara ən son oyunları texniki göstəriciləri yüksək olmayan cihazlarda belə oynamağa imkan verəcək.
“Azerconnect Group-un GeForce NOW tərəfdaşlığı vasitəsilə Azərbaycanda bulud üzərindən oyun xidmətlərinə çıxışın genişləndirilməsinə dair addımların yüksək dəyərləndiririk. Tərəfdaşlıq nəticəsində Azerconnect Group NVIDIA RTX texnologiyası ilə dəstəklənən son nəsil oyun təcrübəsini daha geniş auditoriyaya təqdim edəcək”, - deyə NVIDIA-nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouz qeyd edib.
ABŞ-yə səfər çərçivəsində Azerconnect Group-un baş direktoru Emil Məsimov və şirkət nümayəndələri, həmçinin Kris Penrouzun rəhbərlik etdiyi NVIDIA komandası ilə görüş keçirib. Görüşdə ağıllı şəbəkə, süni intellekt fabriki və süni intellekt əsaslı 6G infrastrukturu sahələrində imkanların gücləndirilməsi müzakirə edilib, Azərbaycanın texnoloji inkişafının növbəti mərhələsi üçün əməkdaşlıq sahələri nəzərdən keçirilib.
